İlham Qəhrəman 1959-cu ildə Laçın rayonunun Sus kəndində doğulub. İxtisasca mühasibdir. Ədəbiyyata 80-ci illərdə gələn şairin indiyə qədər 4 kitabı işıq üzü görüb. Onlardan biri publisistik, üçü isə şeirlər kitabıdır. Şairin son kitabı olan “Ey dil”də son poetik nümunələri toplanıb. Onun yaradıcılığı haqqında Azərbaycan ədəbi tənqidinin ən sanballı simaları olan İradə Musayeva, Əsəd Cahangir, Cavanşir Yusifli və başqaları ədəbi-tənqidi məqalələr yazıblar.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, evlidir, üç övladı var.


Düşüncələr...

Poeziya işıqdan başlayır

Ədəbiyyatı pak bir ev kimi məscidə bənzətsək, poeziya ancaq o evin minarəsi ola bilər. Həmin ədəbiyyat evinin minarəsindən gələn səs məscidin minarəsindən səhərin alatoranında eşidilən azan səsi kimi ilkin və bakirədir. Başqa janrlar həmin müqəddəs evin içində - onlar üçün ayrılmış hücrədə qərar tutmuşlar. Onlar həmişə poeziyanın azan səsindən sonra ayılırlar. Ədəbiyyat bütövlükdə məscid, poeziya isə onun minarəsidirsə, onda şairlər dünyada hər şeyi - ən əvvəl isə işığı görənlərdir. Bu mənada, "poeziya işıqdan başlayır" desək, yanılmarıq.

Şair şeiri çiçəkləyir

Mən şeirin gəldiyi anı yazda ağacların çiçəkləməsi ilə müqayisə edirəm. Mənə görə, şair şeiri çiçəkləyir. Əgər çiçək açmış ağacdan soruşsalar ki, sən necə çiçəkləyirsən və ağacın dili olsa, verəcəyi cavab, təxminən şairin "şeiri necə yazırsan" sualına verdiyi cavabla üst-üstə düşər. Təbiətdə hər bir ağacın çiçəyi rənginə və ətrinə görə başqasından fərqləndiyi kimi, şairin də şeirləri özünəməxsus olmalı, o şeirdən (çiçəkdən) başqa şeirin (çiçəyin) ətri gəlməməlidir. Necə deyərlər, şeir təmiz olmalıdır. Təmiz şeirlər sudan quru çıxan qu lələyinə bənzəyir.

Poeziya nədir?

O sualın ki, bir cavabı yoxdu, demək həmin sualın cavabı saysız-hesabsız da ola bilər və hamı da öz cavabında özünü haqlı saya bilər. Məsələn, ən primitiv bir cavab verə bilərəm: poeziya pulsuzluqdur! Ancaq hər halda poeziya təbiət hadisəsidir. Deyək ki, bir ağacın çiçək açması ağacın bar verməsi üçün bəs eləmir. Bunun üçün çiçəklərdə tozlanma getməlidir. Bu həm külək, həm də arılar (həşəratlar) vasitəsilə ola bilər. Şairi bar ağacına bənzətsək, onda çiçək hansısa mövzudur. Qalır tozlanma, yəni şairin mövzunu işləməsi - bu isə istedaddan asılıdır. Yəni istedad mövzunu - çiçəkləri mayalayan arı və ya nə qədər qəribə olsa da, küləkdir.

Təsir haqqında

Kənddə təzə ev olmuş (evlənmiş) ailəyə damazlıq düyə verirlər. Bir müddətdən sonra düyə doğur, yiyəsi onu sağıb südündən qatıq çalmaq istəyir. Təzəbinə olduqları üçün maya dalınca kiminsə qapısına getməlidirlər. Deyək ki, qonşudan alınan həmin maya hər qatıq çalanda tədricən əriyib yoxa çıxır və təzəbinələrin öz mayası yaranır. Artıq qapında sağılanın varsa, başqa qapıya maya dalınca getmək qəbahət sayılır. Gərək evdən maya üzülməsin.
Şeir də belədir. Təzə qələm tutanın kimdənsə təsirlənməsi təbiidir. Təzəbinələrin ilk qatığında qonşunun mayasının dadı duyulan kimi təzə yazan şairin də şeirində kiminsə təsiri duyula bilər. Ancaq həmin maya qatıqda get-gedə yoxa çıxdığı kimi, cavan şair də təsirdən qurtarmalıdır.


Ədəbi iddia

Ədəbi mühitdə gedən söhbətlərdə tez-tez "iddialı şairdi", "iddiası özündən böyükdü" və s. ifadələr eşitməli oluruq. Bəs bu iddia (söhbət ədəbi iddiadan gedir) özü nədir, onu necə izah etmək olar?
İddia - əsasən gənclərdə bədii yaradıcılıq ərəfəsində daha çox olur və mənim qənaətimə görə, bunu şərt kimi məqbul saymaq olar. İddialı qələm adamının vəziyyəti təxminən ağacın bar verməzdən əvvəl çiçəkləməsi mərhələsi ilə müqayisə oluna bilər. Bu, təzə izdivaca girən aşiq-məşuq arasındakı sevgi dəqiqələrini də xatırladır. Zaman keçdikcə ağacın tökülən çiçəkləri öz yerini meyvələrə verir. Və yaxud sevgi dəqiqələrindən sonra dünyaya yeni insan doğulur (onu da deyək ki, bu zaman yeni insanın məhz sevgidən doğulması vacib şərtdir). Ədəbi iddia da belədir. O yavaş-yavaş yerini bədii əsərlərə verdikcə yox olub gedir. Ancaq bunun tam əksi də ola bilər. Bir çox ağaclar tanıyırıq ki, gözəl çiçəklər açır, ancaq bar vermir, eyni zamanda hər izdivacdan da dünyaya insan doğulmur. Buna sonsuzluq deyilir.
Bu gün bizim ətrafımızda xeyli iddialı gənclər var ki, artıq onların iddia çiçəklərindən əl çəkən vaxtlarıdır, ancaq ortada ədəbi məhsul (bar) yoxdur.